“Bank Avrasiya” ASC-də Risklərin İdarə Edilməsi Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda korporativ idarəetmə standartlarının tətbiqi Qaydaları”na, “Risklərin idarə edilməsi üzrə Standartlar”ına, Kredit təşkilatlarında risklərin idarə edilməsinə dair Bazel Komitəsinin tövsiyyələrinə, Banklarda risklərin idarə edilməsi qaydalarına, Bankın Nizamnaməsinə, Strateji planına, mövcud qаnunvеriciliyə, Bankın “Risklərin idarə edilməsi siyasəti”nə, “Risklərin idarə edilməsi metodologiyasına və bu sahə üzrə daxili Qayda və Prosedurlarına uyğun həyata keçirilir. Risklərin idarə edilməsinin əsas prinsipləri bankın mənfəətlə işləməsini təmin etməkdən və kapitalının artırılmasından ibarətdir.

Risklərin idаrə еdilməsi prosesi bankın fəaliyyətinə xas olan risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, onlar barədə hesabatların hazırlanması, məqbul risk limitlərinin müəyyən edilməsi vasitəsi ilə onlara nəzarət edilməsi və risklərin azaldılmasıdır.

Kredit riski

Borclu tərəfindən Bank qarşısında qəbul edilmiş öhdəliklərin müqavilə şərtlərinə əsasən yerinə yetirilməməsi, vaxtında yerinə yetirilməməsi və ya tam olaraq yerinə yetirilməməsi nəticəsində itkilərin yaranması ehtimalıdır. Kredit riskinin azaldıması borcalanın krediti ödəmə bacarığının təhlili, kredit portfelinin diversifikasiyası, kreditin təminatı, girovların sığorta edilməsi, ssudalar, ssuda və ona bərabər borclar üzrə mümkün itkiləri ödəmək üçün ehtiyatların yaradılması, yüksək kredit riskinə malik kredit verilişinin həyata keçirilməsi üçün xüsusi qərar qəbuletmə ardıcıllığın tətbiqi, borcun vaxtından əvvəl ödənməsi və öhdəliklərə xitam verilməsi şərtlərinin hazırlanması üzrə tələblərə əməl edilməsidir.

Bazar riski

Bankın ticarət portfelindəki maliyyə alətləri və törəmə maliyyə alətlərinin bazar qiymətlərinin, habelə xarici valyutaların və qiymətli metalların məzənnələrinin əlverişsiz surətdə dəyişməsi nəticəsində itkilərin yaranması ehtimalıdır.

Valyuta riski

Xarici valyutada Bankın açığ olduğu mövqelər üzrə xarici valyuta məzənnələrinin əlverişsiz dəyişməsi nəticəsində itkilərin yaranması ehtimalıdır. Valyuta riskinin idarə edilməsi mərhələli şəkildə həyata keçirir: Riskin aşkar edilməsi- açıq valyuta mövqeyinin və onun riskə uğraması təhlükəsinin müəyyən edilməsi; Valyuta riskinin kəmiyyətcə qiymətləndirilməsi; Limitlərin müəyyən edilməsi

Faiz riski

Bankın aktiv, passiv və balansdankənar alətləri üzrə faiz dərəcələrinin əlverişsiz dəyişməsi nəticəsində itkilərin yaranması ehtimalıdır. Bankın faiz dərəcəsi potensial həcminin təyin olunması üçün faiz dərəcələrinin boşluğunun təhlili üsulundan istifadə edilir (GAP təhlili).

Əməliyyat riski

Daxili biznes-proseslərin icrası, personalın hərəkətləri, informasiya sistem və texnologiyalarının çalışması ilə əlaqədar olan xəta və səhvlər, habelə xarici hadisələrin təsiri nəticəsində itkilərin yaranması ehtimalı. Əməliyyat riski: səlahiyyətlərin bölünməsi, fəaliyyətin tənzimlənməsi, bank texnologiyalarının avtomatlaşdırılması, itkilərin uçotu, risk xəritələrinin yaradılması, risk və nəzarətlərin özünü qiymətləndirilməsinin həyata keçirilməsi, riskin əsas göstəricilərinin monitorinqi, daxili nəzarət sisteminin təkmilləşdirilməsi.

Likvidlik riski

Bank tərəfindən özünün maliyyə öhdəliklərinin tam həcmdə icra etməməsi nəticəsində itkilərin yaranması ehtimalıdır. Likvidlik riskinin minimallaşdırılması: pul vəsaitlərinin axınının proqnozlaşdırılması, xəbərdaredici göstəricilərin hesablanması, limitlər (likvidliyin maksimum fərq kəmiyyəti və Bankın daxili sənədləri ilə təyin edilən digər limitlər), hadisələrin gözlənilməz istiqamətdə inkişafı zamanı likvidliyin bərpa edilməsi üzrə tədbirlərin planlaşdırılması, likvidlik vəziyyətinin stress-sınağı. Likvidlik riskinin idarəedilməsi məqsədilə likvidlik ehtiyatları formalaşdırılır.