Bank Avrasiya ASC-nin Mükafatlandırma Siyasəti

Mükafatlandırılma sıstemi aşağıdakı prinsiplər əsasında qurulub:

  • Adekvatlıq – qanunvericiliyə, qabaqcıl beynəlxalq təcrübəyə və Bankın strategiyasına adekvat olması;
  • Ədalətlilik – dəqiq ölçülmüş meyarlar əsasında obyektiv qiymətləndirmə ilə işçinin əməyinin ədalətli ödənişi. Ödənişlərinin müəyyən edilməsində hər hansı bir diskriminasiyaya yol verilməməsi;
  • Balanslaşma – bütün növ mükafatların əsaslandırılmış və nəticəyə əsaslanan ödəniş balansı yaratmağa, həm fərdi, həm də kollektiv əməyi stimullaşdırmağa yönəlməsi;
  • Səmərəlilik – mükafatlandırmaya yönəldilən xərclərin Bank üçün adekvat səmərə gətirməsi;
  • Uyğunluq – Mükafatlandırma sisteminin əmək bazarı səviyyəsinə uyğunluğu;
  • Şəffaflıq –Mükafatlandırma siyasəti ilə bağlı məlumatların işçilərə açıqlanması.

 

Bank Avrasiya ASC-nin Divident Siyasəti

Dividendlərin ödənilməsinin mənbəyi vergitutmadan sonra Bankın xalis mənfəətidir. Bankın xalis mənfəəti Azərbaycan Respublikası standartlarına uyğun hazırlanmış maliyyə hesabatlarına əsasən müəyyən edilir.

Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar Bankın Müşahidə Şurasının təklifi ilə Səhmdarların Ümumi Yığıncağı tərəfindən qəbul edilir.

Yalnız Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Bankda dividendlərin ödənilməsinə razılığı olduqda Bankın Səhmdarlarının Ümumi Yığıncağı dividend ödənilməsi məsələsinə baxa bilər.

Bank yalnız elan edilmiş dividendləri ödəyir. Dividendlərin ödənilməsi haqqında Səhmdarların Ümumi Yığıncağının qərarı olmadan Bank dividendləri ödəmək, səhmdarlar isə onların ödənilməsini tələb etmək hüququna malik deyillər.

Müşahidə Şurası dividendlərin həcminə dair təklifi verərkən aşağıdakıları rəhbər tutur:

  • Maliyyə hesabatlarına əsasən Bankın sərəncamında qalan xalis mənfəətin həcmini;
  • Bankın inkişafı və uzunmüddətli perspektivinə dair Bank və səhmdarların maraqlarını;
  • Bankın maliyyə-təsərrüfat planlarını;
  • Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini.

Bank aşağıdakı hallarda səhmlər üzrə dividendlərin ödənişini elan edə bilməz;

  • Bankın nizamnamə kapitalı tam ödənilənədək;
  • Dividendlərin ödənilməsi Bankın məcmu kapitalının adekvatlığının pozulmasına gətirib çıxararsa;
  • Əgər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank müflis elan edilibsə və ya dividendlərin ödənilməsi bankın müflis olmasına səbəb olarsa;
  • Əgər dividendlərin ödənilməsi haqda qərar qəbul edildiyi gündən bankın xalis aktivləri onun nizamnamə kapitalından az olarsa və ya dividendlərin ödənilməsi nəticəsində az  olacaqsa, ehtiyyat fondu və nizamnamədə nəzərdə tutulmuş güzəştli səhmlərin dəyərindən az olarsa;
  • Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.