Azərbaycan Respublikasının Mərkəzi Bankı 1 fevral tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən, “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyaya start verib.
Bu lotereya cəmiyyətdə rəqəmsal ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə keçirilir.
Üç tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya, müvafiq olaraq fevral, mart və aprel aylarını əhatə edir. Lotereyada bütün növ ödəniş kartları, o cümlədən pensiya, əmək haqqı və tələbə kartları iştirak edir.

Bu dövrdə bütün növ plastik kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin POS-terminallarında (internet xaric)  minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edir. Yəni, 5 manatdan yüksək hər bir əməliyyat kart istifadəçisinə 1 şans verilir.

Lotereyanın uduş məbləği 50 manat məbləğində nəzərdə tutulur və hər tirajın uduş fondu oynanıldıqdan sonra qalib olan şəxsin kart hesabına “cashback” şəklində daxil edilir. Lotereya haqqında daha ərtaflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilmişdir.